Türkiyə Konstitusiya Məhkəməsi (KM) ali təhsil müəssisələrində baş örtüyündən (türban) istifadə olunmasına icazə verən Konstitusiya dəyişikliyini ləğv edib.
APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokratik Sol Partiyasının (DSP) müraciətləri əsasında yekun qərar qəbul olunub. KM bu il fevralın 9-da Böyük Millət Məclisində qəbul olunan Konstitusiya dəyişikliklərinin icrasının dayandırılması və tamamilə ləğvi barədə müraciəti təmin edib. Konstitusiya Məhkəməsi ən yuxarı instansiya olduğu üçün qərardan
apellyasiya verilməsi mümkün deyil.
Xatırladaq ki, dəyişiklik təklifi 549 millət vəkilindən ibarət parlamentdə 340 yerə sahib olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə 70 yerə sahib olan Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən hazırlanmış və qəbul olunmuşdu.