İran polisi get-gedə daha gödək paltarlar geyinən, saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb ANS PRESS İranın "Etimad" qəzetinə istinadən bildirir ki, İranın paytaxtı Tehranda geyim haqqında qanunu pozan qadınlar 5 illiyinə sürgün edilmə ehtimalı qarşısında qalıblar. Qəzetin xəbərinə görə, Tehranın prokuroru Səid Murtəzavi “İctimai yerlərdə əxlaq səviyyəsi aşağı, mankenlər kimi görünən belə qadınlar, yeniyetmələrin şərəfini və məsumluğunu təhlükə ilə qarşı-qarşıya qoyurlar” deyib. Polis isə get-gedə daha gödək paltarlar geyinən və saçlarının ucunu, kənarını göstərərək geyim qanununu pozanlara qarşı əməliyyata başlayıb. Qanunu pozanlara qarşı qamçı, pul və həbs cərimələri tətbiq edilir. Prokuror Murtəzavi “Bu cərimələrin təsiri olmayanlar və qanunu pozmaqda inad edənlər 5 il müddətinə Tehrandan uzaqlaşdırılma cəzası ilə qarşılaşacaq” deyib. Tehran polis rəsmiləri şənbə günündən etibarən keçirilən əməliyyatlarda 3 242 nəfərə geyim qanunu pozduğu üçün xəbərdarlıq edildiyini bildirib. Xatırladaq ki Rəsmi İran vaxtaşırı belə qərarlarla ölkədəki insanların Qərb geyim tərzinə olan meyl etməsinin qarşısını alır.
|