«Allahlı müsəlman və Allahsız müsəlman» ifadəsini ilk dəfə eşidəndə bir anlığa düşünməyə başladım. Mümkündürmü? Məşhur bir teleserialda bunun cavabını eşidəndən sonra bu fikri qəbul etdim. Bunu daha məntiqli edən başqa amil isə iki ildən artıq bir müddətdir İnternews-da aparıcısı olduğum «Müasir cəmiyyət və İslam» verilişinin sorğusu oldu. Sorğuda iştirak edənlərdən insanın mələk səviyyəsinə ucalıb-ucala bilməyəcəyi soruşulurdu. Amma əhalisinin 95 faizinin müsəlman olduğunu söyləyən xalqın sorğuda iştirak edən əksər nümayəndələri sualın özünü sual altında qoyurdular. Mələyin mövcudluğuna şübhə ilə yanaşırdılar. Mələklərə inanmaq isə İslamda namaz qılmaqdan, oruc tutmaqdan, zəkat verməkdən, həccə getməkdən əvvəl gələn imanın şərtlərindən biridir. Hətta rayonların birində özünü dindar hesab edən, namazlarını mütəmadi olaraq məsciddə yerinə yetirən, əslində isə dini dar olan bir adam axirəti dolayısı ilə inkar edərək, əməllərini puça çıxaracaq bir söz sərf etmişdi.