ГлавнаяРегистрацияВход YA ALLAH bazar ertesi, 20.05.2024, 00:01
  Приветствую Вас Гость | RSS

 
 Главная » 2008 » iyun » 12 » Fil hadisəsi
Fil hadisəsi
16:36
 
Abdulmuttalibin başqa bir qayğısı da var idi. Həbəşistan məliki (kralı) Nəcaşinin Yəməndəki valisi Əbrəhə öz ordusunu toplayaraq Kəbəni dağıtmağa gəlirdi. Bu adam insanların ibadət etmək üçün Kəbəyə üz tutmasını qısqanaraq alternativ kimi öz torpaqlarında olan Sənada böyük məbəd tikdirmişdi. Heybətini və əzəmətini tamamlaya bilmək üçün əlindəki bütün imkanları səfərbər etmiş və onu həmin dövrlərin ən dəbdə olan hər cür bəzək əşyaları ilə bəzəmişdi. O, bütün bunları edərkən Bizans imperatorundan da dəstək alırdı. Məqsədi həcc ibadəti üçün Kəbəyə gedən insanların yönünü dəyişdirərək bu kilsəyə gəlməsini təmin etmək idi. Bunu Həbəşistanın hökmdarı Nəcaşiyə yazdığı məktubda açıq-aşkar bildirirdi:
- Ey hökmdar! Sənin üçün elə bir kilsə inşa etdirdim ki, onun oxşarı səndən əvvəlki heç bir hökmdar üçün tikilməmişdir. Həcc vəzifələrini yerinə yetirmək üçün ərəbləri bura cəlb etməyənə qədər niyyətimdən əsla dönməyəcəyəm.
Ancaq bünövrəsi təqva və səmimiyyətlə qoyulan bir məkana alternativ yer



 

hazırlayıb insanların ayağını oradan kəsmək mümkün deyildi. İşin digər tərəfi isə o idi ki, bu dəvəti heç kim rəğbətlə qarşılamamışdı.
Əbrəhənin həccə gələnlərin yönünü dəyişdirmək üçün kilsə tikdirdiyini eşidən Kinanəoğullarından bir adam həmin kilsəni təhqir etmək məqsədilə xəlvətcə gedib onun içini və çölünü murdarlamışdı. Bundan sonra da kənardan əlinə keçən pis, murdar şeyləri gətirib kilsənin içinə atmışdı.
Bu hadisə Əbrəhəni hövsələdən çıxarmış, səbr kasasını daşıran axırıncı damcı olmuşdu. O, dərhal əmr verərək böyük ordu hazırlanmasını istədi.
- Şübhəsiz ki, ərəblər bunu evlərinə alternativ olacağı üçün etdilər, and olsun ki, mən də onların Kəbəsindəki daşları bir-bir sökərək yerlə-yeksan edəcəyəm, - deyərək təhdid edirdi.
Əbrəhə Həbəşistan hökmdarı Nəcaşiyə ünvanladığı məktubunda ondan bu hücumda istifadə etmək üçün Mahmud adlı məşhur böyük filini göndərməsini istəmişdi.
Əbrəhə altmış min nəfərlik böyük bir ordu hazırlayıb Məkkə üzərinə yürüşə başladı. Onun ordusunda fillər də var idi. Hökmdarın göndərdiyi Mahmud adlı filə şəxsən özü nəzarət edirdi.
Əbrəhə Məkkənin yaxınlığındakı Muğammıs deyilən yerə gələndə ordusunun dayanmasını istədi. Əbrəhə öncül qüvvə kimi Əsvəd ibn Maqsud adlı sərkərdəsi ilə birlikdə bir dəstəni Məkkəyə göndərdi. Məkkə hüdudlarına qədər soxulan bu hərbi dəstə Qureyşə, Huzeylə və Tihaməlilərə məxsus olan qiymətli mal-dövlət və sürülərlə yanaşı həmin vaxt Məkkənin başçısı olan Abdulmuttalibə məxsus olan iki yüz dəvəni də qəsb edərək geri qayıtdı. Hadisəni öyrənən kimi Qureyş, Huzeyl və Tihaməlilər qapılarına qədər gəlib çıxan təhlükədən xəbər tutmuşdular. Ancaq gələn ordunun gücünü eşidəndə heç nə edə bilməyəcəklərini başa düşmüş, çarəsiz qalıb gözləməyə başlamışdılar.
Əbrəhə bundan sonra Hunata adlı bir elçi ilə Abdulmuttalibə bu xəbəri göndərmişdi:
- Mən sizinlə döyüşmək üçün gəlməmişəm. Mənim gəlişimin məqsədi Kəbəni dağıtmaqdır. Əgər bu məsələdə mənə problem yaratmasanız, mənim də sizinlə heç bir işim olmayacaq.
Elçi bu xəbəri Abdulmuttalibə çatdıranda onun verdiyi cavabı gözləmirdilər:
- Allaha and olsun, bizim də onunla döyüşmək fikrimiz yoxdur. Heç buna gücümüz də çatmaz. Bu ev isə Allahın haram evidir və Onun xəlili İbrahimin yadigarıdır. Əgər bu evi qoruyacaqsa, ancaq O, qoruya bilər. Əgər dağıtmasına icazə verəcəksə, yenə də bizim onu qorumağa bu gün edə biləcəyimiz heç nə yoxdur.
Hunata Abdulmuttalibin də onunla birlikdə getməsini istəmiş və o da yola çıxıb Muğammısa qədər getmişdi. Əbrəhənin niyyəti aydın idi və bu məqsədini həyata keçirmək üçün səfərə çıxanda səbəblər baxımından qabağında dayanacaq heç bir güc yox idi. Ancaq çıxmayan candan da ümid kəsilməzdi. Abdulmuttalib bu vəziyyətdə də həll yolu axtarışında idi. Əvvəlcə tanış bir dost şəxs axtardı və Zi Nəfr adlı keçmiş bir dostunun da burada olduğunu öyrəndi. Sevindi. Amma Zi Nəfr adlanan bu adam da Əbrəhənin əsirləri arasında idi. Yenə də Abdulmuttalib Əbrəhə ilə görüşüb onu bu işdən əl çəkməsini istədiyini Zi Nəfrə bildirdi.
- Ey Zi Nəfr! Başımıza gələn bu işə mane olacaq həll yolu tapa bilmərsənmi? - dedi.
- Səhər-axşam nə vaxt öldürüləcəyi bilinməyən bir əsir nə edə bilər ki? Elə isə sizin üçün edə biləcəyim heç nə yoxdur,- deyə cavab verdi Zi Nəfr. Sonra da:
- Ancaq filləri sövq edən mehtər mənim dostumdur. İstəyirsən, ona xəbər çatdırım, sizin istəklərinizi məlikə çatdırmaq, haqqınızı qorumaq və məliklə danışmağa şərait hazırlamaq məsələsində kömək istəyə bilərəm,- dedi.
Belə bir şəraitdə hər bir işarə çox böyük ümid idi. Tez həmin adama xəbər çatdırıldı və Abdulmuttalibin məqsədi bildirildi. Çox keçmədən mehtər artıq Əbrəhənin qarşısında idi:
- Ey məlik! Bu adam Qureyşin başçısıdır, yanına gəlmək üçün səndən icazə istəyir. O, həm də Məkkə karvanlarının sahibi, insanlara bol-bol ehsanlar edən, hətta dağlardakı yırtıcı heyvanlara da yemək paylayan şərəfli bir şəxsdir. İmkan olsa, onu qəbul edib danışsanız, sizə öz istəyini bildirərdi,- dedi.
Görüş istəyi qəbul edildi. Əbrəhə iri gövdəli, heybətli və camal sahibi olan Abdulmuttalibi qarşısında görəndə əvvəlcə ona hörmətlə yanaşdı, oturduğu hündür yerdən düşərək onun yanına gəldi, özü də Abdulmuttaliblə birlikdə yerdə oturdu və tərcüməçisi vasitəsilə ondan soruşdu:
- Nəyə ehtiyacın var, məndən nə istəyirsən?
Adət etdiklərindən kənar bir cavab eşitdi:
- Məndən götürülən, şəxsi əmlakım olan iki yüz dəvəni qaytarmağını istəyirəm.
Əbrəhə çox təəccüblənmişdi. Bu, necə rəhbər idi? O, bura qarşısıalınmaz bir ordu ilə gəlmişdi, məsuliyyətini daşıdığı bölgəni yerlə-yeksan edəcəyini bildirirdi, amma qarşısındakı o adam şəxsi əmlakının qeydinə qalır, nə baş verəcəyinə laqeyd yanaşırdı.
- Doğrusu, səni ilk dəfə görəndə duruşundan təsirlənmişdim,- deyə Əbrəhə əvvəl etirazla cavab verdi. Sonra əlavə etdi:
- Lakin səninlə danışanda başa düşdüm ki, sən fikirləşdiyim kimi bir şəxs deyilsənmiş. Səndən götürdüyüm iki yüz dəvənin arxasınca düşüb onları məndən istəyirsən, sənin və atalarının dini olan bir evi dağıtmaq üçün gələn bir ordu haqqında isə heç nə danışmırsan.
Abdulmuttalib ağır duruşunu və ciddiliyini dəyişmədən bütün səmimiyyəti ilə:
- Mən ancaq dəvələrimin yiyəsiyəm. Əlbəttə ki, sənin dağıtmaq istədiyin evi də qoruyacaq bir Sahibi var,- dedi.
Bu cavab "Bu anda istədiyin hər şeyi edəcəyimi zənn edirsən, amma iş elə sənin nəzərdə tutduğun kimi asan deyil",- mənasına gəlirdi. Çünki güc və qüvvətin həqiqi sahibinə sığındığı üçün heç bir zəifə ondan başqa heç bir güc zərər verə bilməzdi. Abdulmuttalib də Əbrəhəyə bunu başa salmaq istəyirdi.
Əlbəttə, Əbrəhə əsəbiləşmişdi:
- Onu məndən heç kim qoruya bilməz,- deyə hirsli şəkildə gur səslə qışqırdı...
Halını dəyişməyən Abdulmuttalib özünə arxayın bir səslə və "bunu zaman göstərəcək" demək istəyirmiş kimi:
- Elə isə buyur, bu ev, bu da sən,- dedi. Bunun mənası "Madam ki, elədir, nəticəsinə də qatlanarsan",- demək idi.
Vəziyyət gərginləşmişdi. Eşitdiyi cavablardan çox hirslənən Əbrəhə buna baxmayaraq Abdulmuttalibin dəvələrini qaytarmağı əmr etdi.
Məkkəyə qayıdan Abdulmuttalib əhalini yığıb vəziyyətin qorxulu olduğunu xəbər verdi. Hamıdan gələcək təhlükədən canlarını xilas etmək üçün Məkkəni tərk edərək dağlara getmələrini istədi. Sonra Məkkənin nüfuzlu adamları ilə birlikdə Kəbəyə gəldi. Qapının həlqəsindən tutdu, Əbrəhənin ordusunun qarşısında onlara kömək göstərməsi və Hz.İbrahimin əmanətinə sahib çıxa bilmələri üçün birlikdə saatlarla davam edən yalvarışla mərhəmətli Rəbblərinə yalvardılar. Bundan sonra onlar da Kəbədən ayrılıb dağa çıxaraq gözləməyə başladılar.
Digər tərəfdən də Əbrəhə ordusunu hazırlamış və Kəbəni dağıtmaq üçün hərəkət etmək əmrini vermişdi. Ancaq ordusunda onun əmrinə tabe olmayanlar da var idi. Filləri hərəkət etdirməli olan Nufeyl ibn Həbib adlı bir şəxs çox böyük işlər görəcəyinə ümid edilən Nəcaşinin hədiyyəsi olan Mahmud adlı filin qulağına əyilərək:
- Olduğun yerə çök və qətiyyən qalxma! Sonra da sağ-salamat gəldiyin yerə qayıt. Çünki sən Allahın haram bir bölgəsindəsən,- demişdi.
Firon xanədanı arasındakı mömin xüsusiyyətlərinə malik olan bu adam üzərinə düşən vəzifəni yerinə yetirməyin rahatlığı ilə oradan ayrılmış və o da dağlara sığınmışdı.
Müsəbbibul-Əsbab olan Allahın kimi nə cür xeyirə vasitəçi edəcəyi bilinməz. Həqiqətən də Mahmud adlı fil olduğu yerdə yatmışdı, nə qədər məcbur etsələr də ayağa durub Məkkəyə tərəf getmirdi. Bir dəfə istiqamətini dəyişdirərək ayağa qaldırmağı yoxlamaq istədilər. Heç gözləmədikləri anda Mahmud qəfildən yerindən qalxdı və qaçırmış kimi getməyə başladı. Mahmudu sağ və sol tərəflərə də çevirəndə eyni vəziyyət təkrar olunurdu. Filin getmədiyi yeganə istiqamət Kəbə tərəf idi. Yazıq heyvana cürbəcür əziyyətlər verərək döydülər, amma nəticə yenə dəyişmədi. Mahmud al qanın içində qalmışdı.
Bu zaman heç gözləmədikləri bir hadisəyə də şahid oldular. Sahil tərəfdən böyük bir qaraltı onlara tərəf gəlirdi. Bir az da onlara yaxınlaşanda gələn qaraltının böyük böyük quş dəstəsi olduğunu gördülər. Böyük gurultulu səslərlə onların üstünə tərəf gələn bu quşlar Allah düşüncəsinə müharibə elan edən Əbrəhənin ordusunu hədəf seçmişdi. Özləri ilə gətirdikləri noxut dənəsi boyda daşlarla ordunun üstünə şığıyırdılar. Hər birinin dimdiyində və hər iki ayaqlarında üç daş vardı. Atdıqları hər daş mütləq bir əsgərə dəyir və daşın dəydiyi əsgər də olduğu yerdə yıxılıb qalırdı. Ordunu böyük qorxu və təlaş bürümüşdü. İndiyə kimi nə belə bir hadisə görmüşdülər, nə də başqalarından eşitmişdilər. Qışqıraraq qaçan əsgərlər hara getdiklərini bilmirdilər, amma hədəfi məlum olan bir daşın gəlib onlara dəyməsindən qurtula bilmirdilər. Əbrəhə bundan öz payını almışdı. Qaçarkən ona dəyən daşın təsiri ilə bədəni parça-parça qopub tökülməyə başlamış və o da böyük bir inilti, iztirab və qorxu ilə geri qayıdarkən son nəfəsini vermişdi.
Çox keçmədən heç kimin qarşısına çıxmağa cəsarət edə bilməyəcəyi möhtəşəmlikdəki Əbrəhə ordusu əlində güc olmadığı halda gücün həqiqi sahibinə üz tutaraq güc qazananların qarşısında yerlə-yeksan olmuş və yeyilmiş toxumlar kimi dəlik-deşik olmuşdu. Gizli bir əl masanın üstündəki kiri-pası təmizləyən kimi sanki Əbrəhənin də ordusuna əl atmış, üstlərinə bir süngər kağızı çəkərək Hicazı kir-pasaqdan təmizləmişdi.
Bu təmizliyi başqa təmizlik davam etdirəcəkdi. Sanki qabdan tökülürmüş kimi bir yağış yağacaq və meydana gələn sel qabağına qatdığı cəsədləri aparıb dənizə tökəcəkdi. Beləliklə, Allahın dəvətinə qarşı baş qaldıran küfr ordusunun arxada qoyduğu zir-zibil də bir növ dezinfeksiya edilmiş, Hicaz yenidən yaşamağa yararlı hala salınmışdı.
Çünki az bir vaxtdan sonra bu yerləri Aləmlərin Sultanı şərəfləndirəcəkdi.
xahish edirik xeberin ardini oxuyun!
Просмотров: 1275 | Добавил: muselmanlar | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
2 Smapbrar  
0
hmm. amazing )

1 Ya_Allah  
0
Uydaaaaaaaaa cool

Имя *:
Email *:
Код *:
 
 
Форма входа

Календарь новостей
«  iyun 2008  »
1-ci gun2-ci gun3-cu gun4-cu gun5-ci gun6-ci gun7-ci gun
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Мини-чат

Поиск

Друзья сайта

Статистика

KİMLƏR ONLİNEDƏ 1
QONAQLAR 1
İSTİFADƏÇİLƏR 0
 

Copyright MyCorp © 2024
Хостинг от uCoz